Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 5 dekabr 2025-ci il tarixində “Erkən evlilik və qohum evlilikləri” mövzusunda təhsil müəssisələri arasında keçirilən ssenari müsabiqəsinin qalib ssenarilərinin təqdimat mərasimi təşkil olunub.

Günxeber.az bildirir ki, tədbirdə Mərkəzin ekspert qrupunun üzvləri – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Tibb və sağlamlıq elmləri” fənn birləşmə komissiyasının sədri, həkim Elşən Həsənov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, məktəblilər və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi gənclərin mövzuya diqqətini artırmaq, erkən və qohum evliliklərinin fəsadları barədə maarifləndirmə aparmaq və sosial problemlərə yaradıcı yanaşmanı təşviq etmək olub.

Qalib iştirakçılar hazırladıqları ssenariləri səhnəcik formasında auditoriyaya təqdim ediblər. Ssenarilər erkən evliliklərin doğurduğu sosial və psixoloji nəticələri real həyat nümunələri ilə əks etdirməsi ilə diqqət çəkib.

Nəticələrə əsasən:

Komanda üzrə birincilik – A.Aslanov adına şəhər 2 nömrəli məktəb

Fərdi təqdimat üzrə birincilik – şəhər 5 nömrəli məktəbin şagirdi Zəhra Ərəbova

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Dəvətə görə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevaya təşəkkür edirəm.