Salyan rayonunun Dayıkənd kəndində acınacaqlı vəziyyətdə yaşayan bir qadın – İsgəndərova Cəmalə Hətəm qızı – GUNXEBER.Az saytına müraciət edərək kömək istəyib.
Cəmalə nənə uzun illərdir kənddə yerləşən köhnə məktəb binasında, yararsız şəraitdə yaşayır. Onun sözlərinə görə, vaxtilə bu bina müvəqqəti olaraq yerli sakinlərə yaşamaq üçün verilmişdi. Sonradan hamı özünə ev tikərək oranı tərk edib, yalnız Cəmalə nənə həmin binada tək qalıb.
Qadın bildirir ki, təvəllüdü ilə bağlı sənədlərində uyğunsuzluq var:
“Mənim əsl doğum ilim ya 1957, ya da 1958-dir. Amma şəxsiyyət vəsiqəmdə 1962-ci il yazılıb. Lerikdə anadan olmuşam. O vaxtlar şəxsiyyət vəsiqəm olmayıb, SSRİ dövründə burda sənəd düzəldiblər və yaşı səhv yazıblar.”
Hazırda Cəmalə nənənin yaşadığı otaq yararsız vəziyyətdədir. Evin içi siçovullarla doludur, nə soyuducusu var, nə televizoru, nə də normal yaşayış şəraiti. Tənha yaşayan ahıl qadının səhhəti də yaşına görə zəifdir.
O, yerli icra qurumlarından və aidiyyəti dövlət orqanlarından heç olmasa yaşadığı bir otağın təmir olunmasını xahiş edir. Eyni zamanda xeyirxah insanlara müraciət edərək maddi və mənəvi dəstəyə ehtiyacı olduğunu bildirir.
GUNXEBER.Az olaraq Cəmalə nənənin müraciətini aidiyyəti qurumların diqqətinə çatdırır və imkanlı şəxsləri bu ahıl qadına dəstək olmağa çağırırıq.

YouTube player