30 sentyabr 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “1 Oktyabr- Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar olaraq “Nəsillərin görüşü” adlı tədbir keçirilib.

Tədbirdə Dövlət qulluğu veteranı, İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Dövlət qulluğu veteranı, şəhid atası Ağaəhməd Əhmədov, İsmayıllı rayon Veteranlar Şurasının sədri Polkovnik Əlaləm Babayev, Əməkdar müəllim, uzun illər İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin direktoru olmuş Şəfaqət Rəsulov, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Əməkdar müəllim, təcrübəli pedaqoq Mirvari Musayeva, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, əyani şöbənin müdiri,Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini,əməkdaşı və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər gənclərə milli və mənəvi dəyərlərə sadiq qalmağı, elmə və təhsilə önəm verməyi, sağlam həyat tərzini seçməyi, asudə vaxtlarını səmərəli keçirməyi, Vətənə və dövlətə sədaqətlə xidmət etməyi tövsiyə etmişlər. Onlar öz həyat yolları, qarşılaşdıqları çətinliklər və qazandıqları uğurlar barədə danışaraq gənc nəslə dəyərli məlumatlar vermişlər.

Tədbirin keçirilməsində əsas məqsəd yaşlı nəslin nümayəndələrinin öz həyat və təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaq, nəsillər arasında qarşılıqlı hörmət və bağlılığın möhkəmləndirilməsi olmuşdur.