27 iyul 2025-ci il tarixində BUNKER Tədris Mərkəzinin açılış mərasimi keçirildi. Təhsilə və gənclərin inkişafına töhfə vermək məqsədilə yaradılan bu yeni təhsil ocağı böyük maraqla qarşılandı. Mərasimdə müəllimlər, valideynlər, şagirdlər və müxtəlif sahələrdən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Gunxeber.Az bildirir ki, tədris mərkəzinin həmtəsisçiləri Xəzri Muradov və Zamin Allahverdiyev tədbirdə çıxış edərək BUNKER-in yalnız akademik biliklərin deyil, həm də istedadların üzə çıxarılması, inkişaf etdirilməsi və dəstəklənməsi üçün yaradıldığını bildirdilər. Onlar qeyd etdilər ki, bu mərkəz təkcə bir tədris sahəsi deyil, eyni zamanda gənclərin gələcəyinə sərmayə qoyulan bir platformadır.
Qonaqlar da öz növbəsində çıxış edərək bu cür təşəbbüslərin təhsilin keyfiyyətinə, şagirdlərin gələcək perspektivlərinə müsbət təsir edəcəyini vurğuladılar və tədris mərkəzinə uğurlar arzuladılar.
Tədbir çərçivəsində qonaqlara mərkəzin müasir tədris şəraiti – interaktiv sinif otaqları, texnologiyalarla təchiz olunmuş avadanlıqlar və inkişaf yönümlü dərs proqramları nümayiş etdirildi. Bildirildi ki, akademik biliklərlə yanaşı, şəxsi inkişaf, liderlik, kommunikasiya bacarıqları üzrə kurslar və layihələr də təklif ediləcək.
Mərasimin sonunda seçilmiş üç istedadlı gəncə BUNKER Tədris Mərkəzi tərəfindən təqaüd təqdim olundu. Bu sosial təşəbbüs imkanlı və inklüziv təhsilin yayılmasına yönəlib və gələcəkdə də davam etdiriləcək.
BUNKER tədris mərkəzi fəaliyyətə başlayaraq, təhsildə keyfiyyətə və gələcək nəslin hərtərəfli inkişafına töhfə verməyi qarşısına əsas məqsəd qoyur.