Bunker Tədris Mərkəzinin təşkilatçılığı ilə ibtidai siniflər və təkmilləşmə üzrə sınaq imtahanı yüksək səviyyədə və uğurla keçirilib.
Gunxeber.az bildirir ki, təhsil prosesinin keyfiyyətinin artırılmasına xidmət edən bu sınaq imtahanı şagirdlərin bilik və bacarıqlarının real imtahan şəraitində yoxlanılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Sınaq imtahanı eyni vaxtda bir neçə məkanda – İsmayıllı rayon 5 saylı tam orta məktəbində, Qurbanəfəndi kənd tam orta məktəbində və Sumağallı kənd tam orta məktəbində təşkil olunub. Müxtəlif ərazilərdə imtahanın paralel şəkildə keçirilməsi daha çox şagirdin bu imkandan yararlanmasına şərait yaradıb.
İmtahan prosesi tam şəkildə real imtahan mühitinə uyğun qurulub. Nəzarət qaydalarına ciddi əməl olunub, vaxt bölgüsü, tapşırıqların çətinlik səviyyəsi və təşkilati məsələlər peşəkar şəkildə icra edilib. Bu da şagirdlərin bilik və hazırlıq səviyyəsinin obyektiv, ədalətli və şəffaf şəkildə qiymətləndirilməsinə imkan verib.
Bunker Tədris Mərkəzinin əsas məqsədi şagirdlərin yalnız bilik səviyyəsini ölçmək deyil, eyni zamanda onların imtahan həyəcanını azaltmaq, vaxtdan düzgün istifadə bacarıqlarını formalaşdırmaq və real imtahan şəraitinə psixoloji hazırlığını gücləndirməkdir. Keçirilən sınaq imtahanı bu baxımdan şagirdlər üçün mühüm təcrübə olub.
İmtahan zamanı əldə edilən nəticələr şagirdlərin gələcək hazırlıq mərhələsində yol xəritəsinin müəyyənləşdirilməsinə, zəif və güclü tərəflərin daha dəqiq analiz olunmasına şərait yaradacaq. Valideynlər üçün isə bu sınaq imtahanı övladlarının bilik səviyyəsini real göstəricilər əsasında qiymətləndirmək imkanı təqdim edir.
Sonda gələcəyinə məsuliyyətlə yanaşan, biliklərini inkişaf etdirmək üçün daim çalışan bütün şagirdlərə uğurlar arzulayır, onların təhsil yolunda atdıqları hər addımda yanında olduğumuzu bir daha vurğulayırıq.


















