İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Qida məhsullarının təhlükəsizliyi”, “Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası”, “Çörək, unlu qənnadı məmulatlarının texnologiyası” və “Süd və süd məhsullarının texnologiyası” ixtisaslarında təhsil alan tələbələrin iştirakı ilə “Qida məhsullarının inteqrasiya edilmiş təhlili və tətbiqi” mövzusuna həsr olunmuş elmi-praktik yönümlü açıq dərs keçirilib.
Gunxeber.Az bilfirir ki, açıq dərs qida məhsulları üzrə ixtisas müəllimi Səidə İbrahimova tərəfindən təşkil olunub. Dərsin məqsədi tələbələrdə müasir qida sənayesinə dair nəzəri biliklərin möhkəmləndirilməsi və praktik bacarıqların inkişaf etdirilməsi olub.
Tədbir zamanı qida məhsullarının keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, təhlükəsizlik standartlarının tətbiqi, istehsal proseslərində analitik yanaşmaların rolu və inteqrativ təhlilin praktiki üsulları ətraflı izah edilib. Müəllim mövzunu real istehsal nümunələri əsasında şərh edərək qida təhlükəsizliyinin təminində laborator analizlərin, düzgün sənədləşmənin və risklərin qiymətləndirilməsinin mühüm rolunu xüsusi vurğulayıb.
Açıq dərsdə tələbələrə real nümunələr üzərindən qida məhsullarında fiziki, kimyəvi və mikrobioloji risklərin qiymətləndirilməsi prosesləri əyani şəkildə nümayiş etdirilib. Fənlərarası inteqrasiya yanaşması tələbələrə qida sənayesinin müxtəlif sahələri arasında əlaqələri daha dərindən anlamaq və qida təhlükəsizliyinin istehsalın bütün mərhələlərində əhəmiyyətini praktik şəkildə dərk etmək imkanı yaradıb.
Dərsin sonunda keçirilən interaktiv sual-cavab sessiyasında tələbələr nəzəri və praktiki biliklərini nümayiş etdiriblər. Onların fəallığı, analitik yanaşmaları və elmi baxışları müəllim heyəti tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə kollecin Tədris və tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova, metodist Ülviyyə Əliyeva, FBK sədri Faiq Məmmədov, fənn müəllimi Müslüm Süleymanlı və tələbələr iştirak ediblər.


















