Bakıda 38 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarda məlumat lövhələrinin rus dilində olması müzakirə yaradıb.

Gunxeber.az xəbər verir ki, sosial şəbəkələrdə bu xətdəki avtobusların təxminən bir ildir ki, yeniləndiyi qeyd olunub.

Bildirilib ki, bu müddətdə avtobuslarda məlumatlandırıcı yazıların dövlət dilində deyil, rusca təqdim edilməsi diqqət çəkir.

Bildirilib ki, bu müddətdə avtobuslarda məlumatlandırıcı yazıların dövlət dilində deyil, rusca təqdim edilməsi diqqət çəkir.

Gunxeber.Az-a açıqlama verən xidmət üzrə məsul “General Auto Company” MMC-nin direktor müavini Asif Rüstəmov bildirib ki, bu məsələ texniki və istehsalat xarakterlidir və birbaşa daşıyıcı şirkətin məsuliyyətindən kənardır:

“2025-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş UT markalı avtobuslar ilkin olaraq Qazaxıstan Respublikasının sifarişi əsasında hazırlanıb. Bu səbəbdən zavod istehsalı zamanı həmin avtobusların salonunda beynəlxalq praktikaya uyğun olaraq daxili məlumatlandırıcı yazılarda rus dilindən istifadə edilib.

“General Auto Company” MMC Bakı şəhərində sərnişindaşıma sahəsində səviyyəni yüksəltmək və daha keyfiyyətli xidmət göstərmək məqsədilə həmin avtobusları növbədənkənar olaraq birinci alıcı qismində Çindən idxal etdiyi üçün Qazaxıstan bazarı üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri Azərbaycana gətirilib.

Avtobuslar ölkəmizə gətirildikdən sonra salon daxilində mövcud olan rusdilli yazıların böyük əksəriyyəti sökülüb. Hazırda yalnız bəzi texniki yazıların qalması mümkündür. Avtobusdakı rus dilində olan ifadələrin dəyişdirilməsi isə istehsalçı şirkətin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir. Müvafiq mütəxəssislər yaxın vaxtlarda ölkəyə gələcək və həmin yazılar Azərbaycan dilinə dəyişdiriləcək. Bu məsələ texniki və istehsalat xarakterlidir və birbaşa daşıyıcı şirkətin məsuliyyətindən kənardır. İstehsalçı tərəfin əməkdaşları tərəfindən avadanlıqlarla bağlı müvafiq dəyişikliklər həyata keçirildikdən sonra nöqsanlar tam aradan qaldırılacaq”.