Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan üç il ötür.
Gunxeber.Az xatırladır ki, 2023-cü il yanvarın 27-də, Bakı vaxtı ilə səhər saat 08:30-da səfirliyimizə terror hücumu olub.
Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib. Vasif Natiq oğlu Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir Kamil oğlu İmanov “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Səfirliyin əməkdaşları və ailə üzvləri yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunublar.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.
Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. O, 21 may 2025-ci ildə edam edilib.





