Fevralın 13-də Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda ARB telekanalının efirində “Reklam haqqında” Qanunun pozulması faktı müzakirə olunub.

Gunxeber.Az bu barədə Audiovizual Şuraya istinadən xəbər verir.

Qeyd olunub ki, fevralın 8-də, saat 13:38-də kanalın efirində yayımlanan reklam materialında endirimin və ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi aşkarlanıb. Faktla bağlı zəruri araşdırmalar aparılıb və “Reklam haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulması təsbit olunub.

“Belə ki, həmin reklamda təqdim olunan məlumatlar “Reklam haqqında” Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun 7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.

Cari ilin əvvəlindən televiziya kanalının efirində belə pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq edilməsi və kanalın yayımının fevralın 24-də, saat 08:00-dan başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırılması barədə qərar qəbul ediblər”, – deyə məlumatda bildirilib.