Hazırda ölkəmizdə istifadə olunan avtomobillərin çox böyük əksəriyyəti benzinlə çalışan nəqliyyat vasitələridir. 

Lakin dizellə çalışan avtomobillərdən istifadə edənlərin sayı da az deyil. Düzdür, son illərdə elektromobillərə maraq kifayət qədər artıb. Xüsusən paytaxt Bakıda elektrikli avtomobilləri daha çox görürük. Ancaq buna baxmayaraq, ölkəmizdə əsas təlabat görən avtomobillər yenə də benzin və dizellə çalışan nəqliyyat vasitələridir. 

Bəs kimlər benzinlə, kimlər dizellə çalışan avtomobilləri sürməyə üstünlük verirlər? 

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Gunxeber.az-a açıqlama verib. O, kimlərin benzinlə çalışan avtomobillərə üstünlük verməsindən danışıb:
“Benzinlə işləyən avtomobillərin xüsusiyyətləri dizellə işləyən maşınlardan fərqli olur. Bizdə artıq bu tərəddüdlər aradan qalxıb. Çünki indiki dövrdə benzinlə işləyən avtomobillərə tələbat daha çoxdur. Həmçinin, hibrid və elektromobillərin istifadəsinin artması da benzinə olan marağı yüksəldib”. 

Ekspert kimlərin dizel avtomobillərə maraq göstərdiyindən də söz açıb:
“Konkret olaraq texniki dərəcəli nəqliyyat vasitələrində dizelə üstünlük verilir. Bununla yanaşı, uzaq məsəfə qət etmək istəyənlər də bu yanacaqla işləyən avtomobilləri istifadə etməyi seçirlər. Yəni bu şəxslər üçün dizel maraq dairəsindədir. Eyni zamanda, kənd təsərrüfatı təyinatlı və bənzər sahələrdə çalışan sürücülər üçün dizel daha cəlbedicidir”.

Nurlan Nugayev Gunxeber.az