Ötən il 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Gunxeber.Az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə öz əksini tapıb.

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, üç protokol isə hazırda məhkəmələrin icraatındadır.

Vurğulanıb bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək tədbirləri çərçivəsində yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi sahəsində problemlərin aradan qaldırılması üçün davamlı tədbirlər (vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi, uçotdan kənarda qalan obyektlərin uçota götürülərək vergiyə cəlb edilməsi, vergilərin qanunauyğun hesablanaraq yığılması, vergi borcları üzrə inzibati akt qəbul edilərək məcburi icraya yönəldilməsi, əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması) görülmüş və müsbət nəticələr əldə edilib.