Fevralın 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin qərarı ilə Cabbar Musayev MR-in baş naziri təyin olunub.
Gunxeber.Az “Nuhçıxan”a istinadən xəbər verir ki, Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib.
Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Prezident cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Baş nazir ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icrasını, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.
Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. O bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır. Məşğulluğun artırılması, sahibkarlığın inkişafı, aqrar sahənin gücləndirilməsi, turizm potensialının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və yol infrastrukturunun möhkəmləndirilməsi və s. sahələrin yüksəlişi davam etdirilməlidir.













