Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi göstəricisi üzrə 101 ölkə arasında 31.05 xal toplayaraq 5-ci yerdə qərarlaşıb və bununla da dünyanın TOP-5 ölkəsi sırasında yer alıb.

Gunxeber.Az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə istinadən xəbər verir ki, Dünya Bankının “Business Ready – B-READY 2025” adlı beynəlxalq qiymətləndirmə hesabatı açıqlanıb. Hesabatda Azərbaycan kommunal xidmətlər sahəsində, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə göstərib.

Ölkəmiz tənzimləyici keyfiyyət göstəricisi üzrə 30.83 xal ilə 17-ci, idarəetmə və şəffaflıq göstəriciləri üzrə isə 29.17 xal ilə 27-ci pillədə qərarlaşıb, hər iki istiqamət üzrə ilk 30-luqda təmsil olunub.

Ümumilikdə kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xal toplayaraq 25-ci pillədə yer alıb və region ölkələrini qabaqlayıb. Bildirilib ki, bu sahədə əldə olunan ümumi nəticəyə ən böyük töhfə verən alt-indikator məhz internet xidmətləri olub.