İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində (İDHTK) həyata keçirilən ekoloji yönümlü təşəbbüs çərçivəsində Qarabağ Universitetinə 200 ədəd qızılgül kolu hədiyyə olunub.
Gunxeber.Az bildirir ki, layihə kollecin direktoru, dosent Kəmalə Süleymanlının təşəbbüsü ilə gerçəkləşdirilib.
7 dekabr 2025-ci il tarixində kollecin nümayəndə heyəti – İnzibati-təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov, Şöbə müdiri Elmir Ağayev, aqronom müəllimi Paşa Məmmədov, Mirzağa Qardaşov, “Qida texnologiyası və təhlükəsizliyi” fənn birləşmə komissiyasının sədri Faiq Məmmədov, inzibati-təsərrüfat əməkdaşları Vüsal İsbatov və Sərxan Aydınzadə, həmçinin bir qrup tələbə Xankəndi şəhərinə səfər ediblər.
Səfər zamanı kollecdə xüsusi qayğı ilə yetişdirilən 200 ədəd qızılgül kolu Qarabağ Universitetinin həyətyanı sahəsində əkilərək təhsil müəssisəsinə hədiyyə edilib.
Bu təşəbbüsün əsas məqsədi tələbələr arasında vətənpərvərlik, əməksevərlik və ekoloji mədəniyyət kimi dəyərlərin təşviq olunması, həmçinin Qarabağın bərpa və inkişaf proseslərinə mənəvi dəstəyin göstərilməsi olub.
Kollec rəhbərliyi bu cür layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.


























