11 avqust 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İDHTK-nin birgə təşkilatçılığı ilə “12 Avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə gənclərlə görüş keçirilib.

Gunxeber.Az məlumat verir ki, tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi müavini Fərhad Qurbanov və idman sektorunun müdiri Rəşad Osmanov , İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tədris-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Nəzərova və “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov və tələbələr iştirak ediblər.

Tədbirdən öncə Kollecin həyətində ucaldılmış Şəhidlər Abidə Kompleksi ziyarət edilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunaraq, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxışçılar qeyd edərək bildiriblər ki, BMT Baş Assambleyasının Gənclər üzrə Dünya Nazirlər Konfransının tövsiyələrini təsdiq edən 17 dekabr 1999-cu il tarixli qətnaməsinə uyğun olaraq avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Lakin BMT-nin qətnaməsindən əvvəl, 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edilib. Bu, dövlətimizin gənc nəslin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür. Eyni zamanda, Ulu Öndər gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.