Sülhlə bağlı neçə maddə razılaşdırılıb? – Paşinyanın mətbuat katibindən mühüm açıqlama

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi ilə bağlı müzakirə olunan 17 maddədən 15-i razılaşdırılıb. Qalan 2 maddədə də ortaq məxrəcə gəlmək üçün qarşı tərəfin icra edəcəyi proseslər var.

GuNXeBeR.Az xəbər verir ki, birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik olunmalıdır. Çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır, Qarabağ muxtar vilayət kimi Ermənistanın bir hissəsi olaraq göstərilir. Azərbaycanın digər şərti isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir.

Görünür, bu məsələdə razılaşmanın əldə edilməsi ehtimalı artıb. Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. Bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. O bildirib ki, Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi üçün müraciət etmək imkanını nəzərdən keçirir.

Siyasi şərhçi İlyas Hüseynovun sözlərinə görə, Ermənistan tərəfi yaxşı anlayır ki, burada havadarlara güvənmək tamamilə yolverilməzdir və regionda sülhün heç bir alternativi yoxdur: “Ümid edirəm ki, Azərbaycanın tələbləri tez bir zamanda icra olunacaq, İrəvan tərəfindən ictimaiyyəti çaşdıran çıxışlar görməyəcəyik və Minsk Qrupunun buraxılması ilə bağlı qətiyyətli addımlar atılacaq”.

Gəncədə sexdə yanğın baş verib

Gəncədə sexdə yanğın baş verib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, yanğın Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində sexdə qeydə alınıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500 kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Gəncədə maşın ustası Kəlbəcər sakinini bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

GunXeber.Az  xəbər verir ki, hadisə Yeni Qəsəbə adlanan ərazidə qeydə alınıb.

Ağdam rayon sakini, 39 yaşlı Pərviz Qasımov Kəlbəcər rayon sakinini bıçaqlayıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyəti orta ağırdır. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir.

Hadisəni törədən şəxs maşın ustasıdır.

Adam öldürən şəhid qardaşı sərbəst buraxıldı

Abşeronda adam öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Mürvət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GuNXeBeR.Az xəbər verir ki, şəhid qardaşı olan Mürvət Cinayət Məcəlləsinin 122.1-ci, yəni affekt vəziyyətində adam öldürmə maddəsi ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Mürvət Əliyevin qətlə yetirdiyi 1978-ci il təvəllüdlü Rövşən Əbilovun ailəsi ondan şikayətçi deyil və yüngül cəza verilməsini istəyir. İstintaq müddətində Mürvət həbs edilməyib və ev dustaqlığına buraxılıb.

Həmçinin Mürvətin qardaşının 2008-ci ilin 25 aprel tarixində Qarabağ bölgəsində (Tərtər) ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olması qeyd edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Saray Palace” şadlıq sarayının yaxınlığında baş verib.

Orada toyda iştirak edən şəxslər daha sonra zaldakı meyxana məclisinə baxıblar. Bu zaman Mürvət dostunu çağırmaq üçün çölə çıxıb. Şadlıq evinin foyesində Rövşən, Araz, Seymur adlı şəxslər Mürvəti bayıra dəvət edərək söhbət edəcəklərini deyiblər. Bu zaman onların arasında mübahisə baş verib və həmin şəxslərdən ikisi Mürvətə bıçaqla yüngül xəsarətlər yetirib. Həmçinin onun şəhid olmuş qardaşının ünvanına söyüş səsləndirilib. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində olan Mürvət bıçağı götürərək həmin şəxslərə hücum edib və Rövşəni öldürüb.

O, hadisədən sonra maşına minərək uzaqlaşıb.

Ekspertiza Mürvət Əliyevin hadisə anında affekt şokunda olmasına rəy verib.

Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Mürvət Əliyev 4 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək onun ayağına elektron təqib cihazı taxılıb. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki ev dustaqlığı qətimkan tədbiri də götürülüb.

Ağsuda 10 ədəd odlu silah polisə könüllü təhvil verilib

Ağsuda 10 ədəd odlu silah polisə könüllü təhvil verilib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağsuda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.

Rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Mağazalarda saxta əsginaslarla alış-veriş edən şəxs saxlanılıb

Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən iki obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əsginasları verməsi barədə polisə məlumat daxil olub.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Şəhid anası yenidən məktəb direktoru oldu

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanovaya tapşırılıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, hazırda Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini olan M.Sultanovaya 8 yanvardan etibarən Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktor vəzifələrinin icrası həvalə olunub.

Məlumat üçün bildirək ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N.Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Prezident Şahin Bağırovu təltif etdi

Prezident İlham Əliyev Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Ş.Bağırov Azərbaycanda gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb

Şəmkir sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb.

GuNXeBeR.Az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb.

Onun üzərindən və evindən 7 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.