Şəmkir rayonunda törədilmiş qəsdən adam öldürmə cinayətinin təfərrüatları məlum olub.
Gunxeber.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri tərəfindən birgə bəyanat yayılıb.
Qeyd olunub ki, ötən ilin 23 dekabr tarixində Şəmkir rayon sakini, 1957-ci il təvəllüdlü Solmaz Dadaş qızı Mahmudovanın zorakılıq əlamətləri olan meyitinin tapılması barədə rayon prokurorluğuna xəbər daxil olub.
Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsinin üstünün açılması təmin edilib.
Aparılmış araşdırmalar zamanı zərərçəkmiş Solmaz Mahmudovanın 1996-cı il təvəllüdlü Arzu Mahir oğlu Həmidli tərəfindən qəsdən öldürülməsinə dair əsaslı şübhələr yaranıb.
Faktla əlaqədar Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Arzu Həmidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil verilib və o, prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayətlərin, eləcə də itkin düşmüş şəxslərin tapılması, cinayət törətmiş şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət orqanları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir və bu məsələlər daim diqqət mərəzində saxlanılır.





