Kupon Booking şirkətinin təşkilatçılığı ilə Hayal Kahvesində Türkiyənin məşhur alternativ musiqi qruplarından biri olan “Dedublüman” Bakıdakı pərəstişkarları ilə görüşüb. Qrupun konserti zamanı musiqisevərlərə unudulmaz anlar yaşadıb.
Gunxeber.az bildirir ki, konsertdən öncə media nümayəndələri ilə görüşən qrup üzvləri Bakının memarlığının gözəlliyindən heyran olduqlarını, şəhərdə özlərini olduqca doğma hiss etdiklərini bildiriblər. Sənətçilər Azərbaycan tamaşaçısının enerjisini və səmimiyyətini xüsusi vurğulayıblar.
Qrup üzvləri yanvar ayında yayımlanması planlaşdırılan yeni mahnılarını ilk dəfə məhz Bakı konsertində səsləndirəcəklərini bildirərək, bunu Bakıdakı sevənləri üçün xüsusi sürpriz kimi təqdim ediblər.Azərbaycan musiqisinə olan maraqlarından danışan sənətçilər dahi sənətkar Rəşid Behbudovun yaradıcılığını böyük rəğbətlə izlədiklərini, eyni zamanda İradə İbrahimovanın ifalarını da dinlədiklərini qeyd ediblər.
Qeyd edək ki, Hayal Kahvesində baş tutan konsert boyunca zalı dolduran tamaşaçılar qrupun sevilən hitlərini birgə səsləndirərək gecəyə xüsusi coşğu və ab-hava qatıb.