SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7.5 milyon ton neft, 7.7 milyard kubmetr qaz hasil olunub.

Gunxeber.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə qaz hasilatında artım tendensiyası davam edib və 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4.4% artaraq, 50.4 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, il ərzində Azərbaycanda 29 milyon tondan çox xam neft hasil olunub.

Qeyd olunub ki, hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,6 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 6% artaraq 25,3 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 1.7% artaraq 13.7 milyard kubmetr təşkil edib.

2024-cü ildə SOCAR tərəfindən 5.8 milyon ton neft, 3.4 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2.3 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları həcmində 2.8% artım müşahidə olunub.