Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidi Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun 75 illik yubileyi münasibətilə səmimi və mənalı görüş təşkil edilib. Tədbir şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti nümunəsi kimi yadda qalıb.
Günxeber.az bildirir ki, görüş zamanı Rayon rəhbərliyinin adından yubilyara səmimi təbriklər çatdırılıb, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun xoş arzuları ifadə olunub. Bildirilib ki, şəhid ailələri, xüsusilə də Vətən uğrunda övladını qurban vermiş valideynlər daim dövlətin diqqət mərkəzindədir və onların həyat yolu hər zaman dərin hörmətlə yad edilir.
Tədbir çərçivəsində Ağaəhməd Əhmədova xatirə hədiyyəsi təqdim olunub, yubiley tortu kəsilib.
Səmimi süfrə arxasında aparılan söhbətlər zamanı yubilyarın keçdiyi ömür yolu, həyat təcrübəsi və illərlə dövlət qulluğunda göstərdiyi məsuliyyətli fəaliyyəti haqqında fikirlər səsləndirilib, xoş xatirələr bölüşülüb.
Qeyd edək ki, Ağaəhməd Əhmədov uzun illər Rayon İcra Hakimiyyətində çalışaraq dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilib. Onun əmək fəaliyyəti həmkarları tərəfindən həmişə yüksək qiymətləndirilib. Hazırda pensiyada olan yubilyar Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğlu Famil Əhmədzadənin xatirəsini böyük qürurla yaşadır.
Sonda Rayon rəhbərliyi Ağaəhməd Əhmədova möhkəm cansağlığı, uzun ömür arzulayıb, onun timsalında bütün şəhid valideynlərinə dərin ehtiram ifadə olunub. Bu cür görüşlərin şəhid ailələrinə mənəvi dəstək baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.









