Qış aylarında küçələrdə soyuqdan qorunmaq üçün dəstələr halında birləşən sahibsiz itlərin sayı kəskin şəkildə artır. Aclıq və stres səbəbindən bu heyvanlar daha aqressiv və təhlükəli ola bilirlər. Buna görə də onlarla qarşılaşdıqda təhlükəsiz davranış qaydalarını bilmək hər kəs üçün vacibdir.

Gunxeber.Az NEWS.ru-ya istinadən sözügedən davranış qaydalarını təqdim edir.

Hücumun yaxınlaşdığını necə anlamaq olar?

İtin niyyətini onun davranış əlamətlərinə görə müəyyən etmək mümkündür. Heyvan nərildəyir, dişlərini göstərir, bədəni gərginləşir, boyun nahiyəsindəki tüklər qabarmış vəziyyətə gəlir. Qulaqları dik və geriyə çəkilmiş olur, quyruğu şaquli vəziyyətdə qalxır və ya gərgin şəkildə yellənir. Baxışları isə fasiləsiz olaraq sizi izləyir.

İt sürüsü hücum edərsə, nə etməli?

Əsas qayda sakitliyi qorumaq və qorxu nümayiş etdirməməkdir. Heç vaxt arxanızı çevirib qaçmayın – bu, hücumu daha da sürətləndirə bilər. Yavaş-yavaş geriyə çəkilin və arxanızı divara, hasara və ya ağaca dayamağa çalışın ki, sizi mühasirəyə almasınlar.

Kəskin hərəkətlər etmədən yerdən çubuq, daş və ya müdafiə məqsədilə istifadə oluna bilən hər hansı bir əşya götürün. Ucadan və inamla “Fu!”, “Geri!” və ya “Dayan!” kimi əmrlər verin – qətiyyətli səslə deyilən komandalar itləri dayandıra bilər.

Əgər itlər dişləməyə başlayıbsa, üzünüzü və boynunuzu qoruyun, əlinizi gödəkçə və ya qalın geyimlə sarıyın və heyvanların burnuna, gözlərinə və ya ensə nahiyəsinə zərbələr endirin. Ayaq üstə qalmağa çalışın – yıxıldıqda özünüzü müdafiə etmək xeyli çətinləşir.