Mingəçevirdə məktəbli təhsil aldığı müəssisənin ikinci mərtəbəsindən yıxılıb.
Gunxeber.Az xəbər verir ki, Mingəçevir şəhər 3 saylı şəhər orta məktəbdə 2008-ci il təvəllüdlü E.K. naməlum səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Gunxeber.Az-a verilən məlumata görə, 2008-ci il təvəllüdlü yeniyetməyə sağ topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu təyin olunub.
“Fevralın 18-i saat 11 radələrində 1 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən Gunxeber.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır:
“Fevralın 18-də Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb. Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edirik ki, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. İctimaiyyətdən aparılan araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı ilk məlumatı “Teleqraf” verib.






