Fikrət Əmirovun 100 illiyinə həsr olunan təntənəli yubiley gecəsi keçirilib - FOTO

Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi məqsədilə Heydər Əliyev Sarayında təşkil olunan “Fikrət Əmirov-100” Musiqi Festivalı çərçivəsində konsert proqramı keçirilib.

APA xəbər verir ki, yubiley tədbirində bir sıra Xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edib. İştirakçılar Fikrət Əmirovun xatirəsinə bir töhfə olaraq bəstəkarın müxtəlif əsərlərini ifa ediblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, ilin əvvəlindən başlayaraq bəstəkar üçün silsilə tədbirlər keçirilir:

“Prezident İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi “Fikrət Əmirov-100” Musiqi Festivalına start verib və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Fikrət Əmirovun hər bir əsərində azərbaycançılıq ideyasını görmək olar. Ölkə xaricində də Fikrət Əmirovun milli musiqiyə söykənən əsərləri bir çox tanınan konsert salonlarında səsləndirilib. Bu gün milli mədəniyyətimizin parlaq simalarından biri, nəhəng və çox yaddaqalan, böyük izlər qoyan Fikrət Əmirovun anadan olmasından 100 il ötür”.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.