Serbiya-Azərbaycan biznes forumu keçirilib

Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib.

“APA-Economics” xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Biznes forumda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə aparılan iqtisadi islahatlar, sahibkarlar və investorlar üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi potensialını qeyd edib.

Serbiyanın iqtisadiyyat nazirinin xüsusi müşaviri xanım Miryana Filipoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, Azərbaycan şirkətlərini Serbiyada müxtəlif sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.