Avropa çempionatında iştirak edəcək cüdoçularımız bilindi - Fətiyev kənarda qaldı

29 aprel – 1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək heyət bəlli olub.

Bu yarışda 11 idmançımız mübarizə aparacaq. Kişilərdə 9, qadınlarda 2 cüdoçu ilə təmsil olunacağıq.

Heyətdə Antalyada bu ay keçirilmiş “Böyük Dəbilqə” turnirində özünü yaxşı tərəfdən göstərməyi bacaran Murad Fətiyev yoxdur. Bu səbəbdən də 81 kq üçün heç kim sifariş olunmayıb.

Sifariş olunan cüdoçular isə kişilərdə Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi -60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (hər ikisi -66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi -73 kq), Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda Şəfəq Həmidova və Ramilə Əliyevadır (hər ikisi -48 kq).

Bundan əvvəl isə cüdoçularımızı Xorvatiyanın Dubrovnik şəhərində Avropa Kuboku yarışı gözləyir. 23-24 aprel tarixlərində keçiriləcək yarışda yalnız kişi millimizin ehtiyat qüvvəsi çıxış edəcək. Həmin cüdoçular 10 nəfərdən ibarətdir: Nazir Talıbov (-60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hər üçü -66 kq), Nəriman Mirzəyev (-73 kq), Zelim Tçkayev, Hasil Cəfərov (hər ikisi -81 kq), Rüfət İsmayılov (-90 kq), Adil Kərimli (-100 kq), İmran Yusifov (+100 kq).