Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş Ermənistan-Azərbaycan münasibətləri tarixində ən vacib diplomatik addımlardan biri kimi yadda qaldı. Bu, sadəcə iki liderin təmas qurması deyil, həm də sülh sazişinə doğru ölkələrin öz iradəsi ilə başlatdığı, vasitəçisiz, şərtləri müəyyən edilmiş ikitərəfli prosesin yeni mərhələsidir.

Prosesin əsas özəlliyi – vasitəçisiz və qarşılıqlı siyasi iradə

Bu dəfə görüş heç bir beynəlxalq formatın – nə Brüsselin, nə Moskvanın, nə də Vaşinqtonun çətiri altında baş tutdu. Bu, tamamilə ikitərəfli prosesdir. Təşkil olunan görüş vasitəçisiz danışıqların praktik modelinə çevrildi və bu modelin gələcəkdə bölgədə sülhün əsas platforması olacağı aydındır. Görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi də təsadüfi deyil. Bu ölkə balanslı və qərəzsiz mövqeyə malikdir. Ona görə də Azərbaycan bu məkanı əbəs yerə seçməyib, burada vasitəçi və ya tərəf yoxdur, BƏƏ yalnız görüş üçün şərait yaradan dost ölkə funksiyasını yerinə yetirir.

Sülhə gedən yolun əsas mərhələsi

Əbu-Dabi görüşü danışıqlar prosesində sülh müqaviləsinə gedən yolun mühüm mərhələsidir. Burada müzakirə edilən məsələlər – sərhədlərin delimitasiyası, siyasi öhdəliklər və ən əsası Zəngəzur dəhlizinin açılması sülhün konkret konturlarını müəyyən edir. Rəsmi Bakı dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi regionun inteqrasiyası və geoiqtisadi gələcəyi üçün vacib elementdir. Bu məsələ artıq Ermənistan tərəfindən də ciddi müzakirə mövzusu kimi qəbul olunub.

Danışıqların formatının mahiyyəti: Azərbaycanın liderliyi

Bütün bu proses Azərbaycanın aydın və prinsipial mövqeyi sayəsində mümkün olub. Bakı israrla bildirir ki, üçüncü tərəflərin iştirakına ehtiyac yoxdur, çünki problem varsa, bu, yalnız iki dövlət arasında həll edilməlidir. Ermənistan da artıq bu məntiqli yanaşmanı qəbul etməyə başlayıb və Azərbaycanın sülh konsepsiyasını əsas baza kimi tanıyır. Bundan əvvəl də bir çox beynəlxalq platformalarda sülh təşəbbüslərini pozmağa çalışan qüvvələr bu dəfə oyundankənar vəziyyətdədirlər. İrəvan da başa düşür ki, regionda sabitlik və inkişaf yalnız Bakı ilə birbaşa və konstruktiv danışıqlardan keçir.

Regionda sabitlik və sülh: xarici təxribatlara qarşı ortaq mövqe

Bu görüş zamanı həm də açıq şəkildə bəlli oldu ki, hər iki tərəf bölgədə sülhə qarşı çalışan qüvvələrin kim olduğunu anlayır. Ermənistan rəhbərliyi artıq regiondakı siyasi reallıqları ayıq görür və təxribatlara deyil, rasional siyasi seçimlərə üstünlük verməyə məcburdur. Azərbaycanın diplomatik üstünlüyü də ondadır ki, nəinki döyüş meydanında, həm də diplomatik masada oyunun qaydalarını özü müəyyənləşdirir və bu qaydalar region üçün real və əhəmiyyətli gələcək vizyonu təklif edir.

Sülh naminə region üçün atılacaq addımlar

Sadalanan məqamlara nəzər salaraq deyə bilərik ki, Əbu-Dabi görüşü məntiqin, siyasi iradənin və gələcəyə baxışın addımlarıdır. Azərbaycanın prinsipiallığı, danışıqları vasitəçisiz və açıq aparmaq israrı artıq regionda post-münaqişə mərhələsinin reallıqla birləşdiyi nöqtəyə çevrilib. Bu gün sülh sazişi imzalanmasa da, sülhə aparan yolun konturları cızılır. Həmin yolun başlanğıcı isə artıq Əbu-Dabidə, Azərbaycanın iradəsi və diplomatik üstünlüyü ilə qoyulub.