Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 06:20-də Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən 35-ci km-də baş verib.

Hadisənin baş verməsinə səbəb Salyan şəhər sakini 1978-ci il təvəllüdlü Azər Mürsəl oğlu Cabbarovun idarə etdiyi “Mercedes-Benz” markalı 99-BU-881 dövlət nömrə nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağ köməkçi yoldan baş yola daxil olan Salyan rayon Şəkərli kənd sakini 1962-cü il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayevin idarə etdiyi VAZ-2107 markalı, 54-BN-051 dövlət nömrə nişanlı avtomobilin toqquşması olub.

Nəticədə VAZ-ın sərnişini Salyan rayonu Şəkərli kəndində yaşayan 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.