Hacıqabul rayonunda təcili yardım maşının qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 1-i, saat 07:30-da Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Onlardan 1965-ci il təvəllüdlü şəxsə açıq kəllə beyin travması, ağır dərəcəli baş-beyin əzilməsi, bud sümüyünün sınığı, komatoz vəziyyət, 1971-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə beyin travması, döş qəfəsinin küt travması diaqnozu təyin edilib.
Hər iki yaralı tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətləri ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
Hacıqabul rayonunda təcili yardım maşının qəzaya uğraması nəticəsində ölən və yaralıların şəxsiyyəti məlum olub.
Gunxeber.Az– xəbər verir ki, Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Həmzəyevin idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində həmyerlisi 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb. Sürücü və həkim Əliağa Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Hacıqabulda təcili tibbi yardım maşınının düşdüyü qəzanın təfərrüatı məlum olub.
Gunxeber.Az–-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 6:30-da, Bakı-Qazax magistral yolunun 98-ci kilometrliyində qeydə alınıb.
“Rüstəm Sahib oğlu Rüstəmovun idarə etdiyi “KamAZ” markalı, 14-BD-565 dövlət nömrə nişanlı yük avtomobili ilə 90-JN-615 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili toqquşub. Daha sonra isə təcili tibbi yardım avtomobili dəmir səddə çırpılıb. Hadisə zamanı təcili tibbi yardım avtomobilində sürücüdən əlavə iki nəfər də olub. Hələlik onların şəxsiyyətləri məlum deyil. Hər üç şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.
Gunxeber.Az– APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.
Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






