Göygöl rayonunda qayınata gəlinini balta ilə vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində baş verib.

Kənd sakini Mahir Mahmudov (ad və soyad şərtidir) yaşadığı evin qapısını açıq görüb. O, otağa daxil olaraq gəlinindən qapını niyə açıq qoyduğunu soruşub. Həmin vaxt qayınata ilə gəlin arasında mübahisə baş verib və Mahir gəlinini küçə söyüşləri ilə təhqir edib. Hadisədən əsəbiləşən gəlin də qayınatasını söyüb. Nəticədə Mahir gəlininin saçından tutaraq dartıb onu yerə yıxıb. Daha sonra Mahir evdən baltanı götürərək gəlinin başına zərbə endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə M.Mahmudov aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla altı ay islah işləri cəzasına məhkum edilib.