Sea Breeze kurort şəhərində növbəti ekoloji təşəbbüs həyata keçirilib. Ərazidə yeni nar bulvarı salınıb və Göyçaydan gətirilmiş 150 ədəd gənc nar ağacı əkilib.
Gunxeber.az bildirir ki, Azərbaycanda ən böyük və ən dadlı narların yetişdiyi bu bölgənin tingləri ilə salınan bulvar Sea Breeze-in illik ənənəyə çevrilən layihəsinin davamıdır.
Qeyd edək ki, ilk yüz nar ağacı COP29 zamanı əkilərək iqlim konfransının ekoloji mirasına çevrilmişdi.Tədbiri açan Sea Breeze-in direktor müavini Qəmbər Bənənyarlı bu təşəbbüsün cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, kurort şəhərciyinin inkişafında yaşıl siyasətin prioritet olduğunu bildirib.
Layihənin landşaft dizayneri John-Calvin Wiedemann isə çıxışında ekoloji dəyərlərin gələcək nəsillər üçün xüsusi önəm daşıdığını qeyd edib:“Biz Yer kürəsini uşaqlarımızdan miras almırıq, biz onlardan borc alırıq. Bu gün gördüyümüz işlər gələcəyin formalaşması üçündür. Beş ildən sonra burası dünyanın ən uzun nar prospektinə çevriləcək. İnsanlar albalı çiçəklərinə görə Yaponiyaya getməyəcək, bu gözəl nar çiçəklərini görmək üçün bura gələcəklər.
”Tədbir xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi “Odlar Yurdu” rəqs ansamblının rəngarəng çıxışı ilə başlayıb.
Daha sonra qonaqlar tinglərin əkilməsində iştirak edib və hər kəsə ağacların inkişafını izləməyə imkan verən GPS kodlu taxta breloklar təqdim olunub.
Ekoloji aksiyada ekologiya nazirinin müavini Vüqar Kərimov, Murad Dadaşov və digər tanınmış şəxslər iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da tədbir çərçivəsində nar ağacı əkib.
Sea Breeze-də ekoloji davamlılıq modeli Kurort şəhərciyi uzun illərdir ekoloji davamlılıq prinsiplərinə əsaslanaraq inkişaf etdirilir. Hazırda Sea Breeze ərazisində təxminən 11 milyon ağac və bitki əkilib. İnfrastrukturun hər mərhələsi ekoloji qiymətləndirmədən keçir, su və torpaq nümunələri mütəmadi təhlil olunur, bütün kommunal sistemlərin fəaliyyəti nəzarətdə saxlanılır.
2024-cü ildə Sea Breeze yalnız öz ərazisini deyil, 50 kilometrlik sahil zolağını da əhatə edən mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub. Beləliklə, əvvəllər istifadə olunan yüzlərlə lokal təmizləyici qurğu aradan qaldırılıb. Artıq içməli su mərkəzləşdirilmiş qaynaqlardan təmin olunur, tullantı suları isə müasir sistemlər vasitəsilə təmizlənərək dəniz ekosisteminə zərər vermədən ötürülür. Bu yanaşma sayəsində Sea Breeze çimərlikləri Azərbaycanın ən təmiz sahillərindən biri kimi tanınır.Layihənin mühüm cəhətlərindən biri də sahil xəttinin qorunmasıdır. İnşaat planlaması sahildən 400–500 metr aralı yerləşdirilib. Qanunvericiliklə icazə verilən minimum 50 metr əvəzinə, Sea Breeze geniş ictimai sahil zolağı yaradaraq parklar, gəzinti yolları, restoranlar və dənizə sərbəst çıxış üçün şərait formalaşdırıb.






















