Ali Məhkəmədə mənimsəmədə ittiham olunaraq azadlıqdan məhrum edilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Gunxeber.Az-ın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib. Məhkəmənin qərarı ilə M.Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib.
Qeyd edək ki, M.Qurbanov Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 il azadlıqdan məhrum edilib. Prokurorluq hökmdən apellyasiya protesti verərək, onun cəzasının artırılmasını istəmişdi.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, M.Qurbanovun cəzası 6 il 6 aya qaldırılmışdı.
İttihama görə, M.Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışsa da, 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham olunub. M.Qurbanov 542 min 438 manat mənimsəmədə təqsirləndirilib.