“Əgər insanın əlləri və ayaqları daim donursa, bu, ciddi xəstəliyin əlaməti ola bilər. Onlar arasında anemiya, ürək və ağciyər xəstəlikləri də var”.

Gunxeber.Az xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt, kardioloq və tibb elmləri doktoru Andrey Kondraxin “RT” nəşrinə müsahibəsində danışıb.

Bəzi hallarda isə əllərin və ayaqların donması fizioloji norma hesab edilir.

Andrey Kondraxin bildirib ki, bu, xüsusilə, qadınlarda daha çox müşahidə olunur, çünki onların bədəni istiliyi daha sürətlə itirir, kişilərdə isə daha çox əzələ kütləsi olur. Bundan əlavə, bu hal yeni doğulmuş körpələrdə, yavaş metabolizmə və qan dövranı pozuntusuna malik yaşlı insanlarda da tez-tez rast gəlinir.

Lakin əgər heç bir fizioloji səbəb yoxdursa və problem davam edirsə, bu, ciddi xəstəliyin əlaməti ola bilər. Xüsusilə anemiya, xroniki ürək çatışmazlığı və ağciyər xəstəlikləri zamanı əllər və ayaqlar daim dona bilər. Bundan əlavə, həkimlər qeyd edirlər ki, zəhərlənmə və ya don vurması da belə problemlərə səbəb ola bilər.

Simptomları yüngülləşdirmək üçün Andrey Kondraxin isti və geniş paltar və ayaqqabı geyinməyi, ayaqları sıxmayan yun corablar və keçə çəkmələr seçməyi, həmçinin isti içkilər içməyi tövsiyə edib.

Həkim izah edib:

“İsti çay və bulyon içmək vəziyyəti yaxşılaşdırır, çünki qidanın dinamik təsiri var. Aldığımız istilik orqanizm boyunca paylanır”.

O həmçinin qolsuz və ya qızdırıcı gödəkçə geyinməyi tövsiyə edib. Belə paltarlar orqanizmi isidir, artıq istiliyi isə bədən özü ətraflara yönəldir.

Lakin həkimin vurğuladığı kimi, əgər problem xəstəlikdən qaynaqlanırsa, ilk növbədə elə xəstəlik müalicə olunmalıdır.

Qeyd edək ki, damar aterosklerozu da əllər və ayaqların donmasına səbəb ola bilər. Bu xəstəlik nəticəsində aşağı ətraflarda qan dövranı pozulur, arteriyalar daralır və ətraflara qan axını yavaşlayır. Risk qrupuna ürək-damar xəstəlikləri, lipid mübadiləsi pozğunluğu olan yaşlı insanlar və şəkərli diabet xəstələri daxildir.