2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14.104 cinayət hadisəsi törədilib. Onların 93,4 %-nin açılması təmin olunub.

Gunxeber.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.

Qeyd olunub ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 258 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 13.827.887 manat məbləğində maddi ziyanın 8.243.898 manatı və ya 59,6 %-nin ödənilməsi təmin olunub.

Paytaxtın daxili işlər orqanlarında 5484 cinayət işinin istintaqı tamamlanaraq, 4312 işin məhkəmələrə göndərilməsi təmin olunub.