İsmayıllı rayonunun İvanovka kəndində pravoslav xristianların Milad bayramı böyük təntənə ilə qeyd edilib. Bayram mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov eləcə də rayonun müsəlman din xadimi iştirak edib.
Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, tədbir “Molokan-ruhani-xristian” dini icmasına məxsus ibadət evində keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı münasibətilə pravoslav xristian icmasına ünvanladığı təbrik oxunub. Daha sonra dini heyət tərəfindən Həzrəti İsa Peyğəmbərin mövludu ilə bağlı ayinlər icra edilib, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ruhuna dualar oxunub.
Bayram tədbirində kənd sakinləri və qonaqlar bir araya gələrək mənəvi dəyərləri bölüşüb, birlik, sevgi və sülh rəmzi olan Milad bayramının sevincini birlikdə yaşayıblar. Bu cür görüşlər cəmiyyətdə qarşılıqlı hörmətin, həmrəyliyin və birgəyaşayış ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Tədbir iştirakçılarına Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Milad bayramı münasibətilə təbriki də çatdırılıb. Təbrikdə Azərbaycanda bütün dini konfessiyalara göstərilən dövlət qayğısı, multikulturalizm və dini tolerantlığın ölkəmizin əsas dəyərlərindən biri olduğu vurğulanıb.