Salyanda regionun uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma görüşü keçirilib.

GunXeber.az xəbər verir ki, məlum olduğu kimi Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyası keçirilir.

Bununla bağlı 18 aprel tarixində Salyan Dövlət Kukla Teatrında Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər Uşaq Musiqi, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət, Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət, Hacıqabul rayon Uşaq Musiqi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət, Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət, Salyan rayon Yenikənd kənd Uşaq Musiqi Məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi müəllimləri üçün məlumatlandırma görüşü keçirilib.

Görüşdə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Könül Hüseynova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev və digər əməkdaşlar iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunub maarifləndirici söhbətlər aparmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.

Görüş zamanı qarşılıqlı dialoqlar vasitəsilə bir çox fikirlər səsləndirilib və geniş müzakirələr aparılıb.