Saatlıda bacısı boşandığı üçün anası ilə dalaşan oğul həbs olunub.
Gunxeber.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
41 yaşlı rayon sakini Allahverdi Həsənov (ad və soyad şərtidir – red.) bacısının boşanmasına əsəbiləşərək anasının yaşadığı evdə qab-qacağı və stulu sındırıb. Bacısı yenə onun sözlərini eşitməyərək ailəsi ilə barışmaq istəmədiyi üçün Allahverdi iki gün sonra yenidən anasının yaşadığı ünvana gedib. Binanın həyətində uca səslə anasını çağırıb və bacısının öz evinə getməsini tələb edib. Bu zaman Allahverdi uca səslə nalayiq ifadələr səsləndirib. Səs-küydən narahat olan qonşular polisə məlumat veriblər. Lakin Allahverdi Həsənov əraziyə gələn polislərə tabe olmaq istəməyib və öz hərəkətlərini davam etdirib.
O, saxlanılaraq polis şöbəsinə aparılıb, barəsində inzibati protokol tərtib olunub.
A. Həsənov ifadəsində bir daha belə hərəkət etməyəcəyini deyib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası təyin olunub.






