
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Salyan Dövlət Kukla Teatrında keçirilən yubiley tədbirində rayon rəsmiləri, YAP nümayəndələri, mədəniyyət işçiləri, teatrsevərlər və ictimaiyyət iştirak edib. İlk olaraq vətən şəhidlərinin əziz xatirəsi dərin ehtiramla anılıb, yubilyarın ömür yolundan bəhs olunan videoçarx nümayiş olunub. Çıxışlarda qeyd olunub ki, ömrünün 60 ilindən çoxunu mədəniyyət sahəsinə həsr edən Cahangir Bahadır oğlu Qaraşov 1945-ci ildə rayonun Sarvan kəndində anadan olub. O, Bakı Kitabxanaçılıq Texnikumu və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Müxtəlif illərdə rayonun Şorsulu kənd klubunda müdir, Azərbaycan Televiziya və Radio Komitəsində rejissor köməkçisi, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1972-ci ildə rayon mədəniyyət evində mədəniyyət işçisi, aktyor Əlizadə Əliyevlə birgə kukla dərnəyi yaradıb. Dərnək 1975-ci ildə kukla xalq teatrı, 1994-cü ildə isə dövlət kukla teatrı statusu alıb. Yeni yaradılan bu teatrda ilk dəfə Əli Səmədlinin “Artıq tamah baş yarar” əsəri tamaşaya qoyulub. Cahangir Qaraşov tamaşalarda həm rejissor, həm də aktyor kimi çıxış edib. “O olmasın, bu olsun”, “Bəxtsiz cavan”, “Oqtay Eloğlu”, “Solğun çiçəklər” və digər tamaşalarda uğurlu obrazlar yaradan sənətçi kinorejissor Rauf Kazımovskinin “Poçt qutusu” filmində epizodik rol canlandırıb. Bildirilib ki, Cahangir Qaraşov ölkə hüdudlarından kənarda da Azərbaycan mədəniyyətinə töhfələr verib. O, İspaniyada dünya folklor festivalında laureat adına layiq görülüb, Ukrayna, Rusiya, Özbəkistan, Estoniya və digər ölkələrdə Azərbaycan mədəniyyəti ongünlüklərində uğurla iştirak edib. Qeyd olunub ki, Cahangir Qaraşovun oğlu Nail Qaraşov 1992-ci ildə Qarabağ uğrunda gedən savaşa atılıb. “Dağlar qartalı” ləqəbi ilə tanınan qəhrəman 21 yaşında Kəlbəcər döyüşlərində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Azərbaycan mədəniyyəti və incəsənətinə verdiyi misilsiz töhfələrinə görə Cahangir Qaraşov “Rəşadətli əməyə görə” medalı, “Fəxri mədəniyyət işçisi” döş nişanı, 2014-cü ildə isə ölkə başçısının sərəncamı ilə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb. Çıxış edənlər yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda Salyan rayon Mədəniyyət Mərkəzi və Salyan Dövlət Kukla Teatrının yaradıcı kollektivi tərəfindən səhnəciklər oynanılıb, mahnı və rəqs nömrələri nümayiş etdirilib, yubilyara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Gunxeber.Az Nurlan Nugayev Salyan