Mayın 17-də saat 10:00-dan 18:00-dək Bakının Fəvvarələr Meydanında (Nigar Rəfibəyli küçəsi) Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə, Sea Breeze – nin tərəfdaşı olduğu hər il təkrarlanan “V Autizm Festivalı” keçiriləcək.

Gunxeber.az məlumat verir ki, festivalın məqsədi autizmli insanların sosial inteqrasiyasını dəstəkləmək, onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək və autizm spektri pozğunluğu (ASD) haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Proqrama təntənəli açılış, konsert proqramı, xüsusi qayğıya ehtiyacı olan uşaqların əsərlərindən ibarət sərgi, yaradıcılıq və təhsilin müxtəlif istiqamətləri üzrə tematik zonalar, reabilitasiya və təhsil təşkilatlarının layihələrinin təqdimatları daxildir.

Festivalın geniş auditoriyasına dövlət qurumlarının nümayəndələri, iş adamları, ictimai xadimlər, bloqqerlər, həmçinin ASD olan uşaqlar, gənclər və onların ailə üzvləri daxildir.

ÜLKƏR RƏHMANQIZI