15 May 2025
1746788402338

“Mən hər zaman Babamla fəxr edirəm.”

Şiralı Ramazan oğlu Əhmədov 1923-cü ildə Salyan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Salyan Tibb məktəbində təhsil almışdır. Sonra könüllü olaraq hərbi xidmətə getmişdir. Bir il Orduda xidmət etdikdən sonra nümunəvi hərbi qulluğa görə Tibilisi şəhərindəki Ali Hərbi məktəbə göndərilmişdir. 1941-ci ildə hərbi məktəbi bitirərkən Böyük Vətən Müharibəsi başlanmışdır. O, leytenant rütbəsində zabit kimi birbaşa cəbhəyə göndərilmiş və Orduda kəşfiyyat rotasının komandiri təyin edilmişdir. Qısa müddət ərzində döyüşdə göstərdiyi igidliyə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur.
Şiralı Əhmədov Alman işğalçılarına qarşı gərgin döyüşlərdə rəhbərlik etdiyi kəşfiyyat dəstəsini bir neçə dəfə ölüm və düşmənə əsir düşməmək təhlükəsindən öz ölümünü gözə alaraq qəhramanlıq göstərib xilas etmişdir.
1943-cü ildə Şimali Qafqazın Mozdok şəhərində mina təmizləmə işləri apararkən mina partlayışı zamanı döyüş yoldaşlarını xilas edərək, özü ağır yaralanmış və bədənində 50-ə qədər yerdən qəlpə yarası almışdır. Ağır yaralandığından müalicə üçün hərbi hospitala göndərilmişdir.
1-ci qrup Böyük Vətən Müharibəsi əlili Şiralı Əhmədov müxtəlif illərdə rayonda rəhbər vəzifələrdə çalışmışdır. Rəhbər vəzifələrdə çalışarkən hər zaman kollektivin və rayon ictimaiyyətinin böyük hörmət və ehtiramını qazanmışdır. İşlədiyi illərdə bir çox dövlət mükafatlarına, medallara və fəxri fərmanlara layiq görülmüşdür.
Şiralı Əhmədov Salyan rayonunda ən hörmətli, sayılıb seçilən şəxslərdən biri olmuşdur. Gənclərin milli-vətənpərvəlik tərbiyyəsində mühüm rol oynayan, hami-tərbiyəçilərdən, sayılan ağsaqqallardan biri olmuş və ictimai-siyasi tədbirlərdə yaxından iştirak etmişdir.
Şiralı Əhmədov öz halal zəhməti ilə onun adına ucalıq gətirən səkkiz övlad böyüdüb tərbiyə etmişdir. Öz elinə, obasına, doğma Vətənimiz Azərbaycana qəlbən bağlı olan həmin övladlar səmimi ünsiyyəti, xeyirxahlığı, mədəniyyəti və qabliyyəti ilə rayon camaatının, bütün əhalinin dərin hörmətini qazanmış, ziyalı təbəqəyə olan xalq inamını şərəflə doğrultmuşlar.

Mən hər zaman Babamla fəxr edirəm.
Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir