
08 may 2025 – ci il tarixində İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin və ATİAHİ İsmayıllı rayon Komitəsinin birgə təşkilatçılığı və İsmayıllı rayon İcra Hakimiyyətinin iştirakı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 – ci il dönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə kollec tələbələri arasında yarış keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və daha sonra Azərbaycan xalqının və dövlətinin tarixində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin xatirəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər Ulu Öndərin həyatından, onun dövlət gənclər siyasətinə eyni zamanda digər sahələrə ayırdığı diqqət və qayğıdan yola çıxaraq, onun siyasi fikirləri, uğurlu dövlət inkişafı və xalqının çoxəsrlik tarixinə həkk etdiyi nadir və unudulmaz salnaməsindən və eləcədə “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıdığını, Konstitusiya müstəqil Azərbaycanın hüquqi və siyasi əsaslarını müəyyənləşdirdiyini və bu il gənclər arasında hüquqi biliklərin artırılması, vətənpərvərlik tərbiyəsi və milli dəyərlərin təbliği baxımından ətraflı danışıblar.
Tədbirin keçirilməsində əsas məqsəd Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102 – ci il dönümünü və Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi və dövlət suverenliyimizin tam bərpa olunması münasibətilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini nəzərə alaraq, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, hüquqi və siyasi maarifləndirməni təşviq etməkdir. Bununla yanaşı, kollec tələbələri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, fiziki hazırlığın yüksəldilməsi, komanda ilə işləmə bacarığının inkişaf etdirilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsəd olaraq müəyyən edilmişdir..
Tədbirdə kollec tələbələri böyük ruh yüksəkliyi ilə iştirak etmiş, komandalar arasında sağlam rəqabət və idman etikası qorunaraq maraqlı və gərgin mübarizələr baş vermişdir. Yarışın sonunda qalib gələn komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və ATİAHİ İsmayıllı rayon Komitəsi tərəfindən medal, diplom və hədiyyələrlə təltif olunmuşdur. Tədbir iştirakçılar arasında birlik, əməkdaşlıq və fiziki hazırlığın vacibliyini bir daha ön plana çıxarmışdır.