
Xalq artisti Tünzalə Ağayeva solo konsert proqramı ilə çıxış edib.
Gunxeber.az məlumat verir ki, pop star Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və “Autizmli Uşaqlara Dəstək İctimai Birliyi”nin sədri doktor Ayaz Seyidlinin dəvəti ilə Naxçıvan şəhərinə təşrif buyurub. Estrada ulduzunu ilk olaraq Hava limanında jurnalistlər qarşılayıblar.
Xalq artistinin sözlərinə görə konsertin məhz autizmli uşaqlara həsr olunması onu çox sevindirib və həyəcanlandırıb: “Bütün təşkilatçılara böyük təşəkkürüm var. Çünki autizmli uşaqlara dəstək olmaq çox böyük təşəbbüsdür. Bu bizim bütün dünyamızı narahat edən bir problemdir. Sağ olsun Aytən Eynalova, məhz onun sayəsində autizmli uşaqlarımızı tanıdım, onlarla ünsiyyət qurdum. Onu da deyim ki, mən ömrümü autizmə həsr elədim və bundan sonra da onların səfiri kimi hər zaman yanlarında olub dəstək olacağam. Allah onları daim qorusun”.
Sevilən müğənni Naxçıvanda yerləşən Heydər Əliyev Sarayında tamaşaçılarının qarşısısına çıxıb. Konsert proqramını idarə etmək məşhur teleaparıcı Aytəkin Mərdanovaya həvalə olunub. Tünzalə Ağayevanı səhnədə “Tünzalə music band” ansamblı, “Tünzalə dance group” adlı rəqs qrupu və məşhur gitara ifaçısı Rəhman Məmmədli müşayiət edib. Ağayeva konsert boyunca ən unudulmayan, sevilən və dillərəzbərinə çevrilən hitlərini canlı ifa edib. Hər kəs də Tünzalə Ağayeva ilə birlikdə bütün ifaları əzbərə söyləyib. Gecədə sevənlərinə bir sıra sürprizlər təqdim edən müğənni illərdir öz aktuallığını qoruyub saxlayan “Yandım, elə yandım” və “Barı Naxçıvan” əsərlərini səsləndirib.
Konsert boyunca iki geyim dəyişən sənətçi obrazları ilə gözoxşayıb. Xalq artisti çıxışının ilk hissəsində yaşıl kostyum, ikinci hissədə isə qara əlbisə geyinib. Pop starın geyimlərinin müəllifi dizayner Orxan Sultan, styling isə müğənninin şəxsi stilisti Şamxal Ramazanlıya məxsusdur. Səhnə makiyajını stilist Sabir Bağırov, saçlarını isə məşhur stilist Fərid Bağırov edib.
İzdiham və gür alqışlarla qarşılanan Xalq artistinin möhtəşəm konsertində 1000-ə yaxın tamaşaçı bir araya gəlib. Yüksək enerji ilə çıxış edən pop ulduzun konsert proqramı anşlaqla keçib. Konsertdən sonra böyük fanat kütləsi ilə qarşılaşan müğənni sevənləri ilə xatirə fotoları çəkdirib.
Gunxeber.Az Ülkər Rəhmanqızı