
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər qədim tarixi, dini, mədəni və coğrafi bağlılıqlara əsaslanır. Hər iki ölkə ortaq sivilizasiya və regionda minilliklər boyu mövcud olmuş qarşılıqlı təsirlərlə formalaşmış dəyərlərə malikdir. Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi ilə İran bu müstəqilliyi tanıyan ilk dövlətlərdən biri oldu və iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyuldu. Həmin vaxtdan bəri ikitərəfli əlaqələr müxtəlif mərhələlərdən keçmiş, bəzən gərginliklər yaşansa da, ümumilikdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq xətti qorunub saxlanmışdır.
Dövlət başçılarının qarşılıqlı səfərləri bu münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. 5–7 may 2006-cı ildə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Bakıya işgüzar səfər etmiş, səfər çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısında iştirak etməklə yanaşı, Azərbaycan rəhbərliyi ilə regional iqtisadi əməkdaşlıq və nəqliyyat layihələri barədə müzakirələr aparılmışdır. 17 noyabr 2010-cu ildə Prezident Əhmədinejadın Azərbaycana rəsmi səfəri zamanı bir sıra sənədlər imzalanmış, iqtisadi və enerji sahəsində əməkdaşlıq gücləndirilmişdir. Qarşılıqlı münasibətlərin davamı olaraq 23 fevral 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev İrana rəsmi səfər etmiş, bu səfər çərçivəsində İranın ali rəhbərliyi ilə keçirdiyi görüşlərdə enerji, nəqliyyat və sərmayə sahələrində əməkdaşlığın gələcəyi müzakirə olunmuşdur.
Bundan əlavə, 13 oktyabr 2022-ci ildə Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə toplantısı çərçivəsində İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşmüş, bu görüşdə Cənubi Qafqazda postmünaqişə dövründə sülh və əməkdaşlıq imkanları, regional nəqliyyat layihələri və sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunmuşdur. Bu görüş həm də diplomatik kanalların daim açıq saxlanıldığını və regionda sabitliyin qorunmasına hər iki ölkənin maraqlı olduğunu göstərirdi.
Nəhayət, 2025-ci il aprelin 28-də İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkianın keçirilən görüşdə və mətbuata verdikləri bəyanatlarda qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlığa sadiqlik xüsusi vurğulandı. Prezident İlham Əliyev Azərbaycanın İranla münasibətlərə daim strateji prizma ilə yanaşdığını, ortaq sərhədlərin dostluq sərhədinə çevrildiyini və birgə infrastruktur layihələrinin bu münasibətləri daha da dərinləşdirdiyini bildirdi. Prezident Pezeşkian isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, postmünaqişə dövründə regionda əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğuladı.
İki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, ticarət, sərhəd təhlükəsizliyi, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələri əhatə edir. Enerji sahəsində elektrik enerjisinin ötürülməsi, qarşılıqlı enerji ehtiyatlarının birgə istifadəsi və Xəzər hövzəsində neft-qaz sahəsində əməkdaşlıq gündəmdədir. Nəqliyyat sahəsində isə Şimal-Cənub dəhlizinin inkişafı, avtomobil və dəmir yolu infrastrukturunun əlaqələndirilməsi, tranzit imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır. Ticarət əlaqələrinin daha da inkişafı üçün ortaq sənaye zonalarının yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd ticarətinin təşviqi müzakirə olunur. Həmçinin iki ölkə arasında dini, mədəni və təhsil sahəsində bir sıra birgə layihələr həyata keçirilir ki, bu da xalqlar arasında anlayış və əməkdaşlığı möhkəmləndirir.
Azərbaycan ilə İran arasında mövcud olan qarşılıqlı etimad, iqtisadi inteqrasiya imkanları və ortaq tarixi-mədəni dəyərlər bu münasibətlərin uzunmüddətli və davamlı olacağına dair nikbinlik yaradır. Dövlət başçılarının qarşılıqlı səfərləri və siyasi iradəsi göstərir ki, hər iki ölkə regional təhlükəsizlik və sabitlik məsələlərinə ortaq yanaşma nümayiş etdirir. 2025-ci ilin aprelində baş tutmuş son görüş isə bu münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləməklə yanaşı, gələcək üçün geniş əməkdaşlıq perspektivlərini ortaya qoydu.
Şamxal Əhmədov,
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, YAP fəalı