Tovuz rayonunda uzun müddətdir ana və 11 yaşlı övladının küçə şəraitində yaşaması ilə bağlı görüntülər yayılıb.

Gunxeber.Az xəbər verir ki, məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Komitənin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat dərhal nəzarətə götürülüb.

Qeyd olunub ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.

Bildirilib ki, Komitənin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən 11 yaşlı uşaq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə göndərilib.

Məlumata görə, uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edilib ki, məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir.