Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Araz Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Gunxeber.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qardaşı tərəfindən bıçaqlanan Əhməd Əliyevin ifadəsi dinlənilib.
Zərərçəkən bildirib ki, hadisə həmin gün işdən evə qayıtdıqdan sonra baş verib:
“Araz uşaq evində böyüyüb. Anamın fiziki məhdudiyyətli bacıma və mənə baxmağa imkanı olmadığından məcbur qalıb onu uşaq evinə vermişdi. Sonradan birlikdə yaşamağa başladıq. Hadisə baş verən gün işdən gəlib anamı evdə görməyəndə Araza anamın harada olduğunu soruşdum. O isə “Nə bilim, yəqin hansısa qohumun evinə gedib” deyərək məni başından etdi. Anamdan çox nigaran idim. Araza düzünü desin deyə qorxutmaq məqsədilə qışqırdım. Bu zaman o, mətbəxə qaçıb əlində bıçaqla üstümə gəldi. “Mən belə şeyləri çox görmüşəm, məni qorxuda bilməzsən” deyib üzərimə cumdu, bıçağı qarnıma vurdu. Hamama keçib yarama baxmaq və qanı yumaq istəyəndə Araz buna imkan vermədi və evdən getməyimi tələb etdi. Evdən necə çıxdığımı xatırlamıram, bir də xəstəxanada ayıldım. Orada yanıma gəlmişdi. Ona “Tez get buradan, yoxsa polislər gəlib səni aparacaqlar” dedim. Evdə anam və mən işləyirdik, Araz isə işləmirdi. Onunla mübahisələrimiz də əsasən bu səbəbdən yaranırdı”.
Təqsirləndirilən Araz Əliyev isə ifadəsində hadisə günü anası ilə münaqişə etdiyini deyib:
“Arada fəhləlik işi olanda gedirdim. Bacıma baxmaq üçün daimi işə girə bilmirdim. Həmin gün anamdan bacımın ehtiyacları üçün pul istədim, lakin istədiyim məbləğin olmadığını dedi. Bu məni çox əsəbiləşdirdi. “Sənin mənə övlad haqqı borcun var, istədiyim pulu necə tapırsan tap” dedim. Anam ağlayaraq evdən çıxdı. Bundan sonra Əhmədlə məlum hadisə baş verdi”.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Araz Əliyev ailə münaqişəsi zəminində qardaşı Əhməd Əliyevə bıçaqla ağır xəsarət yetirməkdə ittiham olunur. Faktla bağlı ona Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.