20 Yanvar hadisələrinin 36-cı ildönümündə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində anım tədbirləri keçirilib.

Gunxeber.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları üzərinə qərənfillər düzərək, şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Ümumxalq hüzn Günü ilə əlaqədar Dövlət Sərhəd Xidməti aparatında keçirilmiş tədbirdə faciədən lentə alınmış fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, bu faciənin xalqımızın müstəqillik mübarizəsində dönüş nöqtəsi olduğunu xüsusi vurğulayıblar.

20 Yanvar hadisələrinin Azərbaycan tarixində qanla yazılmış qəhrəmanlıq və milli dirçəliş səhifəsi, müstəqil dövlətçilik yolunda sarsılmaz iradənin təcəssümü olduğu, həmin qanlı gecədə xalqımızın göstərdiyi cəsarət və birliyin bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayaqlarından birini təşkil etdiyi bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin ideallarının reallaşdırılması istiqamətində ardıcıl və prinsipial dövlət siyasəti həyata keçirilir.

Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsinə göstərilən ən ali ehtiramın bariz nümunəsidir.

Tədbirin sonunda “Tarixin izi ilə – Qanlı şənbə gecəsi” sənədli filmi nümayiş etdirilib.