Tanınmış kinorejissor Faiq Nağıyev və “Azəristar” müsabiqəsinin parlaq ulduzlarından biri olan Nigar Əhmədzadə şou-biznesdə maraqla qarşılanacaq yeni əməkdaşlığa başlayıblar.

Gələcəkdə bu ikili həm musiqi, həm də kino sahəsində birgə layihələrlə adından söz etdirəcək.

Rejissorun verdiyi məlumata görə, yaxın günlərdə Nigar Əhmədzadənin ifa etdiyi bir neçə mahnının klip çəkilişlərinə start veriləcək.

Bununla yanaşı, Faiq Nağıyevin hazırlaşdığı yeni filmdə baş rolu da məhz gənc ifaçı canlandıracaq. Bu isə Nigarın aktyorluq sahəsində də özünü sınaması üçün mühüm bir şans olacaq.

Əməkdaşlıqlarından danışan Nigar maraqlı açıqlaması ilə diqqət çəkib:
“İkimiz də şir bürcüyük – Faiq 14 avqust, mən isə 16 avqustda doğulmuşam. İki şirin bir araya gəlməsi sadəcə iş birliyi deyil, böyük bir alovun doğuşudur”.

Bu sözlər və onların yaratdığı enerji, təkcə professional deyil, şəxsi münasibətlər çərçivəsində də suallar doğurub. Çünki aralarındakı bağ yalnız sənətlə izah olunmayacaq qədər güclü görünür…