Qazax rayonunun Xanlıqlar kəndi istiqamətindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Qazax rayonunun Bala Cəfərli və Xanlıqlar kəndlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər sayəsində Bala Cəfərli kəndindəki yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təxminən 50 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.
Gunxeber.Az xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.
Sakinlərin sözlərinə görə, yanğın Cəfərli kəndi ərazisində başlayıb, sonradan Xanlıqlar kəndinə keçib.
Hazırda əraziyə iki helikopter cəlb olunub. Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.







