Gunxeber.Az-ın məlumatina görə “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) Bakı Psixologiya Mərkəzi ilə əməkdaşlığı çərçivəsində Nabranda təşkil olunan “Kənd həyatı” yay düşərgəsində maraqlı və maarifləndirici fəaliyyətlər həyata keçirilib. Düşərgə müddətində Bakı Psixologiya Mərkəzinin peşəkar əməkdaşlarının iştirakı ilə uşaqlar üçün psixoloji terapiyalar və interaktiv oyunlar keçirilib.
Keçirilən terapiya və oyunların əsas məqsədi komanda daxilində ünsiyyəti və əməkdaşlıq bacarıqlarını gücləndirmək, eyni zamanda uşaqların yaradıcı və çevik düşünmə qabiliyyətini inkişaf etdirmək olub. Bu növ fəaliyyətlər uşaqlarda problem həll etmə bacarığını artırmaqla yanaşı, planlama və mövcud resurslardan düzgün istifadə etmə kimi mühüm həyat bacarıqlarının formalaşmasına da müsbət təsir göstərir.
Belə təşəbbüslər psixoloji rifahın və sosial bacarıqların gücləndirilməsində əhəmiyyətli rol oynayır və uşaqların gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
















