Gunxeber.Az məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq Filialının təşkilatçılığı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil olunub.
Yarmarkada 17 müəssisə tərəfindən müxtəlif sahələr üzrə ümumilikdə 104 vakansiya təqdim olunub.
Yarmarka zamanı vakansiyalara müraciət edən şəxslərə işəgötürənlər tərəfindən mövcud iş yerlərinə dair tələblər və iş şərtləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Göyçay Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera Filialı da öz stendləri ilə təmsil olunublar. İşsiz və işaxtaran şəxslərə həmin Mərkəzlərin təklif etdiyi peşə hazırlığı proqramları, müraciət qaydaları və digər xidmətlər barədə geniş məlumat təqdim olunub, iştirakçılara karyera məsləhətləri verilib.
Əmək yarmarkasında həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialı da iştirak edib. İştirakçılara filialın fəaliyyəti, həssas əhali qruplarına göstərilən dəstək, yaradılmış şərait və bu şəxslərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbir çərçivəsində “DOST Evi” üzvlərinin hazırladığı əl işləri də sərgilənib.


















