Azərbaycan mədəniyyətinin bəzəyi, xalqın yaddaşını, tarixini və ruhunu əks etdirən ən təsirli sənət növlərindən biri – kinodur.

Hər il 2 avqust tarixi ölkəmizdə Milli Kino Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan kino tarixinin ilk sənədli filmlərinin nümayiş olunduğu gündür.

Gunxeber.Az xatırladır ki, 1900-cü ilin avqust ayında fransız əsilli bakılı operator Aleksandr Mişon tərəfindən çəkilmiş və nümayiş etdirilmiş “Bibiheybətdə neft fontanında yanğın”, “Qafqaz rəqsi” kimi filmlər bu sənətin Azərbaycandakı təməl daşlarını qoydu. Mişonun fəaliyyəti ilə Azərbaycanın kino tarixi başlandı və bu tarix artıq 125 illik zəngin bir yolun adıdır.

2000-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 avqust rəsmi şəkildə Milli Kino Günü kimi təsis olundu. Bu qərar kino sənətinin inkişafı üçün yeni bir mərhələnin başlanğıcı oldu.

Azərbaycan kinosu bu müddət ərzində təkcə sənət aləmi üçün deyil, həm də xalqın tarixi yaddaşını və milli dəyərlərini qoruyan güclü bir vasitəyə çevrildi. Səməd Vurğun, Rəsul Rza kimi ədiblərin ssenariləri, Rza Təhmasib, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Rasim Ocaqov kimi görkəmli rejissorların ekran əsərləri nəinki ölkədə, həm də beynəlxalq səviyyədə maraqla qarşılandı.

Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncam və ardınca qəbul edilən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kinomuzun maddi-texniki bazasının gücləndirilməsinə və yeni istedadların meydana çıxmasına ciddi təkan verdi.

Son illər ərzində Azərbaycan filmləri beynəlxalq festivallarda uğurla çıxış edir. “Dolu”, “Nabat”, “Yarımçıq xatirələr”, “Nar bağı”, “Qış yuxusu”, “İçəri şəhər” kimi ekran əsərləri ölkənin kino sənayesinə yeni nəfəs gətirdi.

Bu gün Azərbaycan kinosu təkcə retrospektiv xatirələrlə deyil, həm də çağdaş dünya kinematoqrafiyasına inteqrasiya, mövzu və forma baxımından yenilənmə ilə inkişaf edir. Kino sahəsində çalışan sənətkarların əməyinə verilən dövlət qiyməti, fəxri adlar və təltiflər onların yaratdığı sənətin dəyərini göstərir.

Azərbaycan Kinosu Günü münasibətilə keçirilən tədbirlər – sərgilər, festivallar, mükafatlandırma mərasimləri və yeni filmlərin təqdimatları, həmçinin xalqın kinoya olan sevgisinin bir daha təzahürüdür.

Azərbaycan kinosuna can verən bütün sənət adamlarını təbrik edir, yaradıcılıq enerjisi, ilham və yeni uğurlar arzulayırıq.